Korrupsiyaya qarşı mübarizə uğurla davam etdirilir. Elə deyirlər…

Ölkə mətbuatında təxmini belə başlıqda yazı gedib bugün: “Korrupsiyaya qarşı mübarizə uğurla davam etdirilir”. Bu cümləni görən kimi WordPressi açdım və bu yazını yazmağa başladım.

İki gün öncə mağaza işlədən bir dostumun yanında idim. Metroda gediş haqqının qalxmasından və s. şikayətləndi, sonra dedi ki, Korrupsiyaya qarşı mübarizə idarəsindən gəlmişdilər. Dedilər qanunsuzluq var və s., 500 manat cərimə edilirsən. Soruşdum ki, bəs axırı nə oldu? Deyir, 200 manat verdim, getdilər.

Nə deyəsən… Rüşvətə qarşı mübarizə aparan qurum gəlir səndən 200 manat rüşvət alır, gedir.

Korrupsiyaya qarşı uğurlu mübarizə!

Hər kəsi salamlayıram

Mətbuatla, ictimaiyyətlə illərdir ki, sıx ünsiyyətdə olsam da, bloq açmaq istəmirdim. Təbii ki, sosial şəbəkələrdə mütamadi fikirlər qeyd edirəm, öz rəyimi bildirirəm yeri gələndə. Amma son günlər hiss etdim ki, bloq açıb orada qeydlər etsəm daha yaxşı olar. Buna görə də, “azerbaycanliyiq.wordpress.com” yatardım. Bloqun adına gəlincə, təvazökarlıqdan uzaqdır bəlkə də, amma deməliyəm ki, vətənpərvərlik hissi qəlbimi yaxşı mənada “dağıtmaqdadır” deyə bu cür ad seçdim. Yazılarımda da əsasən cəmiyyətdə olan, xüsusən müasir gəncliklə bağlı nöqsanlara toxunacam. Tənqidi yazılarıma görə əvvəlcədən üzr istəyirəm. Əgər üzr istəmək lazımdırsa…